Accessibility links

İran Xarici İşlər Nazirliyi yüksək rütbəli rəsminin Bakı və Yerevana səfərlərini şərh edib


"Cənubi Qafqazda təhlükəsizlik bizim üçün vacibdir və biz bu regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə edirik".

Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai yanvarın 13-də Tehranda keçirilən mətbuat konfransında Ali Milli Təhlükəsizlik Şurasının katibinin Bakı və Yerevana səfərini şərh edərəkən deyib.

“Bu səfər artıq baş vermiş proseslərin regionda, o cümlədən 3+3 formatında sülh və əmin-amanlığın qorunub saxlanmasını və möhkəmləndirilməsini təmin etmək üçün iki ölkə arasında münasibətləri və dialoqu gücləndirmək məqsədi daşıyır”, Bəqai əlavə edib.

Yanvarın 8-də İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər edib.

“Siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, o cümlədən enerji, dəhlizlər və Cənubi Qafqaz regionunda sülh və sabitliklə bağlı məsələlərdə qarşılıqlı əlaqələrin artırılması üçün məsləhətləşmələr bu səfərin məqsədlərindəndir”, İranın məlumatında deyilir.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.

Görüşdə Azərbaycan və İran arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə bildirib ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana səfəri əsaslı heç nəyi həll etməyəcək.

“Çünki İranda Azərbaycanla münasibətlərə çox təəssüf ki, mühafizəkar qüvvələr, ali dini lider ətrafı cavabdehdir. Hətta İran prezidentinin və xarici işlər nazirinin Azərbaycanla münasibətlərlə bağlı xoş niyyətləri olsa da, onlar qərar verə bilmirlər”, o qeyd edib.

Azərbaycan-İran əlaqələri

2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlim keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.

Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

İran Ədliyyə Nazirliyi 2024-cü ilin yanvarında cinayəti törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə edam hökmü çıxarıldığını bildirsə də hökümn icra edilməsi barədə hələ rəsmi məlumat yaymayıb.

Bununla yanaşı, son iki ildə iki ölkənin xarici işlər nazirləri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Azərbaycan Prezidentinin xüsusi tapşırıqları üzrə nümayəndəsi İrana səfər edib.

Daha sonra iki ölkənin hərbi və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri arasında çoxsaylı görüşlər keçirilib.

Ötən il oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.

Həmçinin ötən il Azərbaycanla İran sərhədində bir sıra birgə istifadə ediləcək obyektlər açılıb.

İranın yeni prezidenti seçiləndən sonra, ötən ilin sonlarında Azərbaycanın İrandakı səfirliyi diplomatik fəaliyyətini bərpa edib. Tehrandakı Azərbaycan konsulluğu fəaliyyətə başlayıb.

Bununla yanaşı, bu ilin yanvarında İranın ali dini liderinin Ərdəbil üzrə nümayəndəsinin İran mediasında canlı yayımlanan tədbirində Azərbyacan və Türkiyənin, həmçinin bu ölkələrin liderlərinin ünvanına açıq təhqirlər səsləndirilib. Azərbaycan Prezidenti İranın yüksək rəsmisinin təıhqirə görə üzr istəməsini tələb edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG