Accessibility links

Zelenski Ukrayna vətəndaşlarına sülh gətirəcəyi halda Putinlə danışıqlara hazır olduğunu bildirib


Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinlə eyni masa arxasında sülh danışıqlarında iştirak etməyə hazır olduğunu bildirib.

"Əgər bu, Ukrayna vətəndaşlarına sülh gətirə biləcəyimiz və insanlarımızı itirməkdən qurtula biləcəyimiz yeganə variantdırsa, biz mütləq buna gedəcəyik", deyə Zelenski vurğulayıb.

O, Putinə münasibətinin bu məsələdə əhəmiyyətsiz olduğunu vurğulayıb: "Mənim ona münasibətim nə fərqi var? Mən ona qarşı mehriban olmayacağam. Mən onu düşmən hesab edirəm, açığı, o da məni düşmən hesab edir".

Zelenski əlavə edib ki, Ukraynanın hazırda Rusiya tərəfindən işğal olunmuş bütün əraziləri geri qaytarmaq imkanı yoxdur, çünki ölkə "hələ nəticəsi qeyri-müəyyən olan bir uğur naminə milyonlarla insanını itirə bilməz". Bununla belə, o vurğulayıb ki, Kyiv heç vaxt Krım, Donbas, Zaporijye və Xerson vilayətləri üzərində Rusiyanın suverenliyini tanımayacaq.

Bundan əvvəl Putin Zelenskini Ukraynanın legitim prezidenti hesab etmədiyini və onun sülh sazişi imzalaya bilməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, Ukrayna tərəfdən danışıqlarda Ali Radanın sədri iştirak edə bilər. Buna cavab olaraq Zelenski Putinin "danışıqlardan qorxduğunu, güclü liderlərdən çəkinərək müharibəni uzatmağa çalışdığını" söyləyib.

"Hazırda real sülhə nail olmaq imkanının olduğunu görürük, lakin məhz Putin sülh əvəzinə ya genişmiqyaslı qətliamı davam etdirmək, ya da gələcəkdə yeni işğala hazırlaşmaq üçün hibrid zərbələr endirərək fasilə vermək üçün hər şeyi edir", deyə Zelenski əlavə edib.

Pirs Morqana verdiyi müsahibədə Zelenski Ukrayna Silahlı Qüvvələrinin itkilərindən də danışıb. Onun sözlərinə görə, indiyədək təxminən 45 min yüz ukraynalı hərbçi həlak olub, 390 min nəfər yaralanıb. İki ay əvvəl Ukrayna prezidenti 43 min ölü və 370 min yaralı olduğunu bildirmişdi.

O, Rusiyanın itkilərini təxminən 200 min ölü və 550 min yaralı olaraq qiymətləndirirdisə, indi 300-350 min əsgər itkisini açıqlayıb. Onun məlumatlarına görə, 70 minə qədər rus əsgəri döyüşlərdə itkin düşüb, yaralıların maksimum sayı isə 700 mindir.

Forum

XS
SM
MD
LG