ABŞ Prezidenti Donald Trampın administrasiyasının yüksək vəzifəli müşavirləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazırlaşır. Bu barədə Associated Press (AP) agentliyinə müsahibəsində istefada olan leytenant-general Keyt Kelloq məlumat verib.
Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə olan Kelloq illik konfransda Zelenski ilə aparılacaq danışıqların planlaşdırılmağa davam etdiyini bildirib.
AP-nin məlumatına görə, ABŞ-ın vitse-prezidenti JD Vans, dövlət katibi Marko Rubio və Kelloq Ukrayna prezidenti ilə danışıqlarda iştirak edəcək şəxslər arasındadır.
Tramp müharibənin ABŞ-a nə qədər baha başa gəldiyini tənqid edərək bildirib ki, Avropa ölkələri ABŞ-a Ukraynaya kömək etdiyinə görə əvəzini ödəməlidir.
Seçki kampaniyası zamanı Tramp prezident seçiləcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında müharibəni tez bir zamanda bitirəcəyini vəd edib, lakin bunun necə həyata keçiriləcəyini açıqlamayıb.
Son zamanlar isə o, ABŞ-ın Ukraynaya dəstəyinin davam etməsi müqabilində bu ölkənin nadir torpaq minerallarına çıxış əldə etməsi üçün razılaşma bağlamaq istədiyini bəyan edib.
Bazar ertəsi AP prezidentin hazırda Ukrayna ilə faydalı qazıntılar müqabilində pul təmin etmək üçün sövdələşmə üzərində işləyən insanların olduğunu dediyi haqda məlumat verib.
"Bizim hazırda orada pul ödəyəcəyimiz halda minerallar, neft və digər şeylər əldə edəcəyimiz barədə müqavilə üzərində işləyən adamlarımız var " - deyə, Tramp bildirib.
Kelloq AP-yə açıqlamasında qeyd edib ki, "bunun iqtisadi tərəfi ukraynalılara daha çox dəstək verilməsinə imkan yaradacaq."
Bu arada, Rusiya dron hücumları Kyivdə yanğına səbəb olub, Sumıda bir qadın yaralanıb və bir neçə evə ziyan dəyib. Bu barədə Ukrayna rəsmiləri məlumat yayıb.
Rusiya hərbi qüvvələri isə gecə ərzində Krasnodar regionunda yeddi olmaqla, ümumilikdə 15 Ukrayna dronunu vurduğunu bildirib.
Kyivdə qeyri-yaşayış binasında başlayan yanğın nəticəsində heç kim xəsarət almayıb, bunu şəhərin meri Vitali Kliçko Telegram-da paylaşdığı mesajda bildirib.
Şimal-şərqdə yerləşən Sumı şəhərində beş evə ziyan dəyib və bir qadının yaralandığı barədə regional qubernator İqor Kalçenko Telegram-da məlumat verib.
Forum