Urmiyədə fəaliyyət göstərən “Yaz” nəşriyyatının rəhbəri, yazıçı və şair Bəhram Əsədi İran Mədəniyyət və İrşad Nazirliyinin ədəbiyyat sahəsində tətbiq etdiyi yeni senzura qaydaları barədə açıqlama verib.
O, İnstagram səhifəsində paylaşdığı məlumatda bildirib ki, son dövrlərdə bəzi şeirlərin misraları senzura edilib. Onun sözlərinə görə, hətta İran kimliyinə vurğu ilə başlayan şeirlər belə, “Azərbaycan” və “türk” kimliyinə işarə etdiyinə görə məhdudlaşdırılıb və silinməsi tələb olunub.
Bəhram Əsədi konkret nümunələr göstərərək vurğulayıb ki, bir şeir kitabında “Anam yurdu azərbaycanlıyam mən” və “Şərafət elçisi türk millətiymiş” misralarının çıxarılması nazirlik tərəfindən tələb edilib.
O, bu yanaşmaya münasibət bildirərək, Təbriz Mədəniyyət Həftəsinin bağlanış mərasimində baş verən hadisəni də xatırladıb. Həmin tədbirdə İran prezidenti Məsud Pezeşkian çıxışı zamanı Heydər Babaya Salam şeirindən bir neçə misra səsləndirməsindən sonra çıxışı yarımçıq dayandırılmışdı.
Əsədi bu məhdudiyyətləri sərt tənqid edərək, “bu halda hökumətdən dil haqları ilə bağlı hansı tələbi irəli sürmək mümkündür?” sualını irəli sürüb.
Son zamanlarda Güney Azərbaycanda nəşr üçün lisenziya almaq məqsədilə İran Mədəniyyət və İrşad Nazirliyinə təqdim olunan kitablara tətbiq edilən senzura yazıçılar, şairlər və mədəniyyət fəalları tərəfindən dəfələrlə tənqid edilib.
Forum