Norveç Helsinki Komitəsi 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycanda həbs edilən qadın jurnalistlərin işinə diqqət çəkərək onların azad edilməsinə dair çağırışını yeniləyib.
“Azərbaycanda qadın jurnalistlərin haqsız yerə həbs edilməsi yanlış, biabırçılıq və qorxaqlıqdır,” Norveç Helsinki Komitəsi qeyd edib.
Təşkilat bildirib ki, 2023-cü ildən “Abzas Media”, “Toplum TV” və “Meydan TV” hökumətin repressiyaları ilə üzləşib.
Hazırda Azərbaycanda səkkiz qadın jurnalist – “AbzasMedia” əməkdaşları Sevinc Vaqifıqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, “Meydan TV” əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Aysel Umudova, Xəyalə Ağayeva və “Meydan TV işi” üzrə həbs edilən müstəqil jurnalist Fatimə Mövlamlı həbsdədir.
Norveç Helsinki Komitəsi qeyd edib ki, həbs olunmuş qadın jurnalistlərin bəzilərinin səhhətində ciddi problemlər olduğu üçün təcili tibbi yardıma ehtiyac duyurlar və təhlükəli həbsxana şəraiti, adekvat tibbi xidmətin olmaması məhkəməyəqədər həbs müddətində onların həyatlarını riskə atır.
“Qürurla qadına dəyər verdiyini iddia edən bir ölkədə səkkiz tənqidçi qadının cəzalandırılması sözlə əməlin ziddiyyətli ironiyasıdır. Martın 8-də Azərbaycanın öz hərəkətlərini ritorikası ilə uyğunlaşdırmaq imkanı var,” Komitə qeyd edib.
Norveç Helsinki Komitəsi daha əvvəl, fevralın 18-də yaydığı bəyanatında vurğulayıb ki, məhkəməyəqədər həbs son tədbir olmalıdır, ancaq Azərbaycan hakimiyyəti bu qadınların həbsdə saxlanması ilə bağlı heç bir etibarlı əsas təqdim etməyib.
“Azərbaycan məhkəmələri siyasi motivli işlərdə həbsdən alternativ cəza tədbirlərinə nadir hallarda əl atır. Halbuki, bu səkkiz jurnalist cəmiyyət üçün heç bir təhlükə yaratmır və ev dustaqlığı kimi alternativ tədbirlər tətbiq oluna bilər,” bəyanatda qeyd edilib.
Azərbaycan məhkəmələri bugünədək qadın jurnalistlərin ev dustaqlığına buraxılması ilə qaldırılmış vəsatətləri bir qayda olaraq təmin etməyib və onları həbsdə saxlayıb.
Digər tərəfdən, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə sosial şəbəkələrdə başladılan “8 mart, 8 qadın” kampaniyası da həbsdə olan qadın jurnalistlərin işlərinə diqqət çəkib. Kampaniyanın təşkilatçıları bəyanat yayaraq Azərbaycanda repressiyaların yeni mərhələdə olduğunu vurğulayıblar.
“8 mart ərəfəsində 8 əməkçi qadın öz jurnalist fəaliyyətinə görə həbsxana divarları arasındadır. 20-ci əsrin əvvəllərində qadınların öz əmək hüquqları uğrunda mübarizəsi 8 mart tarixini formalaşdırdı. İronik olan budur ki, bu tarixdən 100 il keçməsinə baxmayaraq, bu gün də qadınlar öz peşə fəaliyyətlərini ləyaqətlə yerinə yetirərkən maneələrlə üzləşirlər,” bəyanatda qeyd edilir.
Azərbaycanda 2023-cü ilin sonlarından etibarən başladılan cinayət təqibləri nəticəsində 20-dən artıq jurnalist, o cümlədən “Abzas Media”, “Toplum TV” və “Meydan TV” kimi müstəqil media orqanlarının kollektivləri bütövlüklə həbs edilib, redaksiyaları qapadılıb.
Avropa Şurası Jurnalistlərin Təhlükəsizliyi Platformasının tərəfdaş təşkilatlarının “Avropa Mətbuat Azadlığı” illik hesabatına əsasən, ötən il dekabrın 31-də Azərbaycanda 30 jurnalist və media əməkdaşı həbsdə olub.
Azərbaycan bu mənada bütün Avropa Şurası ölkələrini qabaqlayıb və Avropada yalnız Rusiya və Belarusdan (bu ölkələr Avropa Şurası üzvü deyil) geri qalıb.
Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edirlər.
Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.
Azərbaycanlı rəsmilər bir qayda olaraq fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayırlar.
Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 350-dən artıq siyasi məhbus var. Beynəlxalq hüquq müdafiə təşkilatları ötən il yarım ərzində jurnalist və fəalların kütləvi həbslərini “misligörünməmiş repressiya” kimi xarakterizə edib.
Forum