ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays həbsdə olan Gədəbəy rayonun sabiq icra başçısı Saleh Rüstəmlinin azadlığa buraxılmasına çağırıb.
Bu barədə Ned Prays Twitterdə qeyd edib.
"Saleh Rüstəmovun vəziyyətinin pisləşməsi ilə bağlı xəbərlərdən çox narahatıq. Azərbaycan ona tələb olunan adekvat tibbi yardım göstərilməsi məqsədi ilə humanitar əsaslarla azad etməlidir. O, 35 gündür aclıq aksiyası keçirir və ölümə yaxındır.
Bu il noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.
Saleh Rüstəmlii 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Xatırlatma
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.
Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.
Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.
Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahkar bilinib.
Hüquq müdafiəçiləri prezidentə müraciət edib
Müdafiə Xətti hüquq müdafiə təşkilatı Saleh Rüstəmovun azadlığa buraxılması xahişi ilə ölkə prezidentinə müraciət edib.
Sənəddə deyilir ki, Saleh Rüstəmov Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub, həbsdə olduğu zaman 13 saylı cəzaçəkmə müəssisəsində aşkar ayrıseçkiçilik zəminində təqib və təzyiqlər altında saxlanılıb.
Saleh Rüstəmlinin aclıq aksiyasına rəsmi qurumların reaksiyası
Saleh Rüstəmlinin aclıq aksiyasına hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Amma Azərbaycanın Ombudsman Aparatının əməkdaşları Milli Preventiv Qrupunun həkim üzvləri iştirakı ilə Saleh Rüstəmli ilə görüş keçirib.
Bu barədə yerli media agentliyi olan Turana Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, S.Rüstəmli vəziyyəti diqqətdə saxlanılır, ailə üzvləri və vəkili ilə mütəmadi görüşləri təmin olunur.