Dünyanın bir sıra aparıcı nəşri cümə və şənbə günləri Aleksey Navalnının xatirələrindən fraqmentlər dərc edib. “Patriot” (Vətənpərvər) kitabı oktyabrın 22-də satışa çıxarılacaq, o, rus dili də daxil olmaqla, 26 dildə nəşr olunacaq. İngilis versiyasının başlanğıc tirajı 500 min nüsxədir.
Həyat yoldaşı Yuliyanın dediyinə görə, Navalnı 2020-ci ildə zəhərləndikdən sonra kitab yazmağa başlayıb; 2021-ci ildə Pokrovskdakı IK-2 cəza koloniyasında siyasətçi yazıb ki, öldürülsə, kitabdan qonorar ailəsinə kömək edəcək (bu fraqment Britaniyanın The Times və İspaniyanın El Pais qəzetləri tərəfindən nəşr olunub).
Siyasətçi həbsxanada ölümündən iki il əvvəl yazıb: “Ömrümün qalan hissəsini həbsxanada keçirib burada öləcəyəm”.
Der Spiegel tərəfindən dərc olunan fraqmentdə (DW tərəfindən rusca sitat gətirilib) siyasətçi Rusiyadakı həbsinin ilk aylarından danışır.
“New Yorker” jurnalı Navalnını xatirə kitabından bir fraqmentini üz qabığına yerləşdirib. Dərc olunmuş fraqmentdə siyasətçi özünü kosmosda tapan, lakin nə vaxt geri qayıda biləcəyini bilməyən astronavtla müqayisə edir.
“Həbsxanada birinci ilini keçirdikdən sonra məhkəmə binasının qarşısında toplaşanlara qışqırdığım eyni şeyi hamıya demək istəyirəm: heç nədən qorxma. Bu bizim ölkəmizdir, başqa ölkəmiz olmayacaq”.
Aleksey Navalnı 2024-cü il fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsi, Xarp şəhərindəki “Qütb canavarı” koloniyasında vəfat edib. Onun dul arvadı və tərəfdaşları əmindirlər ki, siyasətçi Vladimir Putinin göstərişi ilə öldürülüb. Kreml bunu təkzib edir.