Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Rail Abbasovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Vəkil Elçin Sadıqov məhkəmənin çəkişmə prinsipinin pozulduğunu, müdafiə tərəfinin vəsatətlərinin təmin edilmədiyini, Abbasovun təqsirinin sübutlarının təqdim edilmədiyini bildirib.
Onun sözlərinə görə, Abbasovun zərərçəkmişdən ona üçüncü şəxsin mənzilini satmaq vədi müqabilində 200 min manat almasını sübut edən faktlar yoxdur.
Vəkil həmçinin qeyd edib ki, istintaqın pulun Abbasova şokolad qutusunda verildiyi haqqında iddiaları doğru deyil. Sadıqov qeyd edib ki, şokolad qutuları və onların içində olduğu paket qalıb. Bu, istintaqın təqdim etdiyi videoda əksini tapıb və müdafiə tərəfi həmin paketi və Abbasovun istifadə etmədiyi şokolad qutularını təqdim edə bilər.
Vəkil əlavə edib ki, Abbasova qarşı iş onun ictimai fəal Bəxtiyar Hacıyevin müdafiəsində fəal iştirakı ilə əlaqədar saxtalaşdırılıb.
Müdafiə tərəfi məhkəmədən Abbasova qarşı 200 min manat ölçüsündə zərəri qarşılamaq tələbini ləğv etməyi xahiş edib, çünki fəala qarşı mülki iddia belə yoxdur.
Abbasov özü çıxışa hazır olmayıb və hazırlıq üçün vaxt istəyib.
Məhkəmə prosesi yanvarın 9-da davam etdiriləcək.
Dekabrın 19-da hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirlən prosesdə dövlət ittihamçısı ictimai fəal Rail Abbasova 8 il həbs istəyib.
Ötən il sentyabrın 20-də Rail Abbasov barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırır.
Rail Abbasov yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
Azərbaycan rəsmiləri isə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edir.