Xeberman.com saytının rəhbəri, həbsdə olan Polad Aslanov 15 saylı Cəzaçəkmə Müəssisəsində (CM) yalnız rəis müavininin kabinetindən və onun şəxsi nəzarəti altında ailəsinə zəng etməyə məcbur edilir.
Aslanov bunu şəxsi həyatına hörmət hüququnun pozulması hesab edir və bundan məhkəməyə şikayət etmək niyyətindədir.
Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə bildirib ki, onun həyat yoldaşı COP29 ərəfəsində aclıq aksiyası elan etdikdən sonra 1 saylı Cəzaçəkmə Müəssisəsindən şəraiti daha pis olan 15 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
“Gələn kimi koloniyanın rəisi Polada imzalamaq üçün kağız verib və yazılanları oxumağa imkan verməyib. Polad imzalamaqdan imtina edib. Bundan sonra rəis bildirib ki, bu koloniyada indi ancaq evə yalnız rəis və ya müəssisənin rəis müavininin kabinetlərindən zəng edəcək. Bundan sonra rəis müavininin nəzarəti və müdaxiləsi ilə evə zəng edir. Polad saxlanma şəraitinin pis olmasından danışmağa başlayan kimi telefon əlaqəsi kəsilir”, Aslanova bildirib.
Onun sözlərinə görə, Polad Aslanovla yanvarın 21-24-də uzun müddətli görüşündə saxlanma şəraiti barədə daha ətraflı danışıb.
“Polad Aslanov xüsusilə koloniyada tələb olunan 1146 nəfərin əvəzinə 1500 məhbusun saxlanıldığını dedi. Yataq çatışmamazlığı səbəbindən bəzi məhbuslar döşəmədə yatmağa məcbur olurlar”, o qeyd edib.
Eyni zamanda, az-çox məqbul şəraiti olan kameralar bağlı saxlanılır.
“Bu kameralardakı yerlər əvvəllər məhbuslara satılıb. Deyirlər ki, Mirsaleh Seyidov Penitensiar Xidmətə rəis təyin olunandan sonra rüşvət qadağan edilib və indi onların məhbusları “yaxşı” kameralara yerləşdirməyə həvəsi yoxdur. Eyni səbəbdən məhbuslara tibb məntəqəsində tibbi yardım göstərilmir. Polad məhbuslara ondan şikayət etmək hüquqlarını izah etdikdə təzyiqlər edilir. Məhkumlara Poladla ünsiyyət qurmaq qadağandır. Onlardan bu “tabunu” pozan biri 5 sutka karserə (cərimə təcridxanası-red) salınıb”, Aslanova bildirib.
“Polad Aslanov ona qarşı pis rəftar və hüquqlarının məhdudlaşdırılmasını qəbuledilməz hesab edir. Polad onlara bildirib ki, onun həbsi ilə bağlı Avropa İnsan Hüquqlqrı Məhkəməsinin qərarı var, bu qanunsuzdur və hökumət ona təzminat ödəyib. Bu baxımdan da ona qarşı pis rəftar yolverilməzdir”, Aslanova qeyd edib.
Polad Aslanov koloniyanın hamamında isti suyun daimi olmadığını, məhbusların saxlanıldığı otağın soyuq olduğunu bildirib.
Bundan əlavə, dini inanclı məhbuslar məscidin yanında yerləşən həbsxananın idman zalında namaz zamanı yüksək səsli musiqinin səslənməsindən narazıdırlar.
Aslanova həyat yoldaşının şikayətləri ilə bağlı ombudsmana müraciət edib.
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı Cəzaçəkmə Müəssisəsində Polad Aslanov və müəssisədə saxlanma şəraitindən narazı olan bloger Rəşad Ramazanovla görüşünə icazə verilməyib.
"Mənim gəldiyimi yuxarılara məruzə etmək adı ilə gözlətdilər. Bir müddət gözlədəndən sonra dedilər ki, cəmi bir vəkil otağı var orada da vəkil var, ona görə görüş vermirik", Sadıqov facebook hesabında yazıb.
İki saatdan çox gözləyən vəkil cəzaçəkmə müəssisəsindən çıxıb.
Bununla yanaşı, Penitensiar Xidmət Amerikanın Səsinin cəzaçəkmə müəssisəsindəki şəraitlə bağlı bir neçə gün əvvəl göndərdiyi sorğuya hələ cavab verməyib.
“Xeberman.com" saytının rəhbəri Polad Aslanov 12 iyun 2019-cu ildə İranın xeyrinə casusluq ittihamı ilə - Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. O, 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Aslanov ittihamı təkzib edib, xüsusi xidmət əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyib və onu azad etməyə çağırıblar.
Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.
Azərbaycan hakimiyyəti isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.