Rusiyanın Dağıstan Respublikası ilə sərhəddə yerləşən Azərbaycanın Qusar rayounu ərazisində terrorçu qruplaşma zərərsizləşdirilib. Azı 8 nəfər zərəsizləşdirilib, yaralananlar olub.
Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) fevralın 3-də yaydıqları birgə məlumatda deyilir.
Xəbərdə iddia edilir ki, əvvəllər "Meşə qardaşları" adlı "terror qruplaşmasında" iştirak ittihamı ilə məhkum olunan şəxsin başqa şəxslərlə birlikdə Qusar rayonunda terror aktları hazırlamaları, yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat ilə təchiz etmələri müəyyən olunub.
Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, qruplaşma üzvlərindən biri Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlılara silahlı müqavimət göstərərək iki əl qumbarası atıb, nəticədə xüsusi təyinatlılardan biri yaralanıb, həmin şəxs isə "zərərsizləşdirilib".
Eyni zamanda iddia edilir ki, Qusarın Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizlənən qanunsuz silahlı birləşmənin dörd üzvü silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv ediliblər.
Bundan əlavə qruplaşma üzvü olan daha üç şəxs "silahlı müqavimət göstərərkən zərərsizləşdirilib".
"Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb", məlumatda deyilir.
Rəsmi məlumatda qeyd edilib ki, kustar üsulla partlayıcı qurğular hazırlayan və onları Qusar şəhərində yerləşən “Motel” adlı qonaq evində və onun yaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlədərək saxlayan Etibar Əhmədov qurğuların partlaması nəticəsində xəsarət alıb.
Məlumata görə, ümumilikdə altı şəxs Azərbaycan Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik,... zəminində terrorçuluğa hazırlıq) və digər maddələrlə ittiham edilərək həbs edilib.
Hələlik, rəsmi açıqlamada haqlarında bəhs edilən şəxslərin yaxınlarından və vəkillərindən münasibət almaq mümkün olmayıb.
Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanın şimal, şimal-qərb regionunda bundan öncə də, 2007-2008-ci illərdə qanunsuz silahlı birləşmələr terror aktları törətməyə cəhdlər edib. 2008-ci il avqustun 17-də “Meşə qardaşları” adlı qanunsuz silahlı birləşmənin üzvləri həmçinin Bakı şəhərində “Əbu Bəkr” məscidində insanların ölümü və yaralanması ilə nəticələnən partlayış törədib.
Bununla yanaşı 2012-ci ildə Bakıda keçirilən Eurovision mahnı müsabiqəsi öncəsi ölkənin müxtəlif regionlarında terror hücumlarına cəhd edən "Dağıstan Əmirlərinin Şurası" adlı qanunsuz silahlı birləşmənin iyirmidən çox üzvü atışmalarda zərərsizləşdirilib və həbs edilib.