USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib. Bu barədə Amerikanın Səsinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın yanvarın 16-da bildirib ki, de-yure olaraq 1 iyun 2024-cü il tarixindən etibarən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur: “USAID-nin Azərbaycanda təmsilçiliyinin heç bir əsası yoxdur. Onların (USAID) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib", nazir qeyd edib.
Öz növbəsində ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Erin Robertson Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Amerika Beynəlxalq İnkişaf Agentliyinin 2024-cü il 1 iyun tarixindən Azərbaycanda fəaliyyət göstərməsinin de-yure mümkün olmaması ilə bağlı bəyanatı barədə Amerikanın Səsinin sorğusuna cavabın deyib ki, ABŞ Azərbaycan hökuməti ilə dialoqu davam etdirməyi səbirsizliklə gözləyir.
“USAID 1991-ci ildən Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan xalqına 450 milyon dollardan çox yardım göstərmişdir. Postsovet dövründə başlayan humanitar tərəfdaşlıq Azərbaycan hökumətinin bəyan etdiyi məqsədlərə uyğun olaraq Azərbaycan əhalisinin dəyişən ehtiyaclarını ödəməyə yönəlib. Vaxt keçdikcə USAID COVID-lə mübarizəyə dəstək vermək üçün Azərbaycan Hökuməti ilə əməkdaşlıq edib. Əməkdaşlığımız iqtisadiyyatın əsas sektorlarını, o cümlədən kənd təsərrüfatı və səhiyyəni modernləşdirməyi, kənd yaşayış yerlərində gəlir mənbələrini və dayanıqlı icmaları dəstəkləməyi, insan alverinə qarşı mübarizəni, qadınlar və qızlar üçün imkan yaratmağı və regional iqtisadi inteqrasiyanı gücləndirilməyi əhatə edib. Biz yeni əməkdaşlıq və tərəfdaşlıq sahələri üzrə razılığa gəlmək üçün Azərbaycan hökuməti ilə əlaqə saxlayırıq. Biz 30 ildən artıq davam edən tərəfdaşlığımızı təsdiqləmək üçün Azərbaycan hökuməti ilə dialoqumuzu davam etdirməyi səbirsizliklə gözləyirik”, ABŞ səfirliyinin sözçüsü Erin Robertson deyib.
2023-cü ildə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev X platformasında paylaşdığı rəydə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri tənqid edib. O, Paueri və onun təmsil etdiyi dövləti Ermənistanın tərəfini saxlamaqda günahlandırıb.
Pauer X platformasında paylaşdığı videoda Azərbaycanın başlatdığı hərbi əməliyyat nəticəsində 100,000 erməninin Qarabağı tərk etdikyini və ABŞ-ın onlarla həmrəy olduğunu bəyan edib.
ABŞ-ın köçkünlərə əlavə $4 milyon məbləğində humanitar yardım ayırdığını elan edən Samanta Pauer həmin köçkünləri qəbul edib və onlara yardım göstərdiyi üçün Ermənistan hökumətinə minnətdarlığını bildirib.
Pauerə ünvanladığı mesajda Hikmət Hacıyev Birləşmiş Ştatların 30 il müddətində Azərbaycanın torpaqlarını işğalda saxlamış və bir milyondan çox azərbaycanlını etnik təmizləməyə məruz qoymuş dövlətlə çiyin-çiyinə durduğunu qeyd edib.
2024-cü il dekabrın 18-də isə Azərbaycan prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və RİA Novosti agentliyinə müsahibəsində bildirib ki, Bayden administrasiyası tarixə israrçı düşüb - lazım olmayan yerdə kömək etmək istəyir.
"Onların USAID kimi kömək etmək istəyən bir qurumu var. Amma nədənsə, lazım olmayan yerdə kömək etmək istəyirlər", Əliyev bildirib.
USAID-in rəsmi səhifəsi hal-hazırda fəaliyyət göstərmir. Tramp administrasiyası USAID-in müstəqil statusunun ləğv edilməsi və onun Dövlət Departamentinin strukturuna inteqrasiyasının mümkünlüyünü nəzərdən keçirir. ABŞ-nin dövlət katibi Marko Rubio ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktor vəzifəsini müvəqqəti icraçısı təyin edilib.