Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old BBC-nin Bakıdakı ofisinin bağlanması ilə bağlı təəssüfünü ifadə edib.
“30 ildən artıq xidmətdən sonra BBC Azərbaycanca ofisinin bağlanması təkcə onların hər həftə artan 1 milyon nəfərlik auditoriyası üçün kədərli bir gün deyil. Müstəqil və peşəkar media cəhalət və dezinformasiyaya qarşı əsas müdafiə vasitəsidir”, Britaniya səfiri “X” səhifəsində yazıb.
BBC News fevralın 20-də yaydığı bəyanatında deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədə ofisini bağlamaqla bağlı “könülsüz qərar” qəbul edib. BBC sözçüsü “mətbuat azadlığına qarşı bu məhdudlaşdırıcı addımdan dərin təəssüf hissi” keçirdiklərini əlavə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə məsələnin “siyasiləşdirilməsini” və mətbuat azadlığı ilə bağlı tənqidi “qəbuledilməz” adlandırıb. Hacızadə BBC-nin Azərbaycanda nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığını və bunun BBC-nin nümayəndələrinə rəsmi şəkildə çatdırıldığını deyib.
BBC-nin bağlanması ilə bağlı daha ətraflı: BBC hökumətin göstərişi ilə Bakıdakı ofisini bağladığını bildiribFevralın 21-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon da BBC-nin Bakıdakı ofisinin bağlanmasının “kədərli” olduğunu deyib.
“BBC-nin Azərbaycan dilində xidmət göstərməsi Azərbaycan xalqına və mədəniyyətinə hörmət və marağın göstəricisi idi. Bu, həqiqətən kədərlidir. Fransa BBC-yə nə borclu olduğunu bilir”, Fransa səfiri “X” səhifəsində yazıb.
BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.
Azərbaycan hökumətinin FM dalğalarında xarici radioların yayımını dayandırmaq qərarından sonra 2011-ci ildən etibarən BBC Azərbaycanca radio yayımlarını dayandırıb.
BBC Azərbaycanca bundan sonra onlayn fəaliyyətini genişləndirdiyini, öz saytında, eləcə də, sosial media platformalarında geniş auditoriya qazandığını, izləyicilərinin sayının həftədə bir milyona çatdığını qeyd edib.